YalnızFM

Bloqdan

Hüseyn Cavid – Ah… Yalnız sən!

Ruhum, ey aşinayi-əsrarım!
Həp uzaq, bəzmi-vüslətindən uzaq,
Qürbət ellərdə təlxkam olaraq,
Səni özlər də sızlayıb yanarım.

Gecə-gündüz həyati-müztəribim,
Sənin alami-həsrətinlə sönər.
Fikrə gəldikcə həp keçən günlər,
Daima çırpınıb durur qəlbim.

Səndən ayrıldığım zaman o gözəl,
Tatlı, süzgün baqışların guya
Pək dərin bir sükut içində bana
Demək istərdi: “Get, fəqət tez gəl!”

Öpüb əmdikcə tombul əllərini,
Ruhum ağlardı, iştə sən o zaman
Oqudun gözlərimdə pürhəyəcan
Bir əsirin sönən əməllərini.

Sonra titrək, kəsik əda ilə sən
Yalınız – get, saqın unutma! – dedin.
Uça bilsən də şimdi bir gəlsən,
Halımı seyr edib olurdun əmin.

İştə! Həp nevbahara nəşə verən
Qönçələr, nəğmələr, təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi-səhər
Bana biganə… ah… yalnız sən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir