YalnızFM

Bloqdan

Emil Aliyy – Özünsən ayrılıq

Bəlkə bir gün oxuyarsan deyə yaza bilməkdir ayrılıq
Təsadüf bir yolda addımlarkən, ağla gəlişin
Kimsəsiz evdə
Dumanlı pəncərədə
Baxmaq küçələrə
Darıxmaq inad bütün sevinclərə

Bir tərəfli darıxmaq ən bədbəxt halıdır sevginin
Gözləyə gözləyə böyük bir ölkəni gözləmə zalına çevirməkdir ayrılıq

Ağrıyasan deyə səni döş qəfəsinin içinə qoya bilmək
Sənə xoşbəxt olun deyib, öz xoşbəxtliyini silməkdir ayrılıq

Sən olmayan məhlələrdir, döngələrdir, küçələrdir
Gəlməyəcəyin yollara eləcə boş-boş baxmaq
Bir bulud kimi parçalanmaq
Sən günəş olduğun yerlərdə ola bilməməkdir ayrılıq

Hər misranda kədər sızlamaqdır ayrılıq
Yağmayacaq yağışlarda islanmaq
Suyu qurumuş dənizdə balıq
Göy qurşağından qovulmuş qara olmaqdır ayrılıq

Nəfəsin kəsilməsi
xatirələrdən aldığın sərxoşluq,
Çox nəfərlik otaqlarda, tək qalmaqdır
Bütün şən mahnıların kədərli səslənməsi
Bütün şəhərlərin Bakı olması
Bədənsiz qalmışkən, ayaqların sənə gəlməsidir ayrılıq

Tək olmaq,
çarəsizcə bir küncə sıxılmaq
Hər gecə ölərkən, əslində ölə bilməməkdir ayrılıq

Sənin güldüyün şəkillərdə gözlərin dolması
İki barmaq arası xəyallar tüstüdə
Çox gecənin sabah da olmaması
Tənhalığın xərçəng xəstəliyi daşımaqdır üstündə

Gözlərim ağrıdan yumularkən
kipriklərə biraz sənin qarışmağındır
Hər addımda səni görmək amma
Əslində sənin heç olmamağındır

Mən səndən başqasına qapı açmağı belə bilməzkən
Sənin onlara darvaza olmağındır ayrılıq

Gedərkən elə bir iqlim saxlamısan ki məndə
Səndən sonra hər gecənin,
masalara yağış damlamasıdır ayrılıq

Ya da
İndi sən, indi mən, indi bizik ayrılıq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir